İlon Mask’ın ekibinde tek Türk Bülent Altan.. Peki kimdir bu çocuk.. İbrahim Nebioğlu yazdı

İlon Mask’ın tərcümə etdiyim kitabında 400-ə yaxın insanın adı keçir, onların fikirlərinə, gördükləri işlərə yer verilir. Bu qədər böyük insan mozaikasının içində cəmi bir Türk var. Bu gün sizi onunla qısaca tanış edib, tərcüməmdən bir bölümü diqqətinizə çatdıracam.

Bülent Altan İstanbul Teknik Universitetinin professoru Orhan Altanın oğludur. Alman liseyini bitirib Münhen Teknik universitetini bitirib, təhsilini əfsanəvi Stanford (ABŞ) universitetində davam etdirib. Stanforddan sonra onu 2004-cü ildə İlon Maskın SpaceX şirkətinə işə götürüblər. Bülent Altan 2010-cu ildə şirkətin elektronik sistemlər üzrə (avionics) vitse-prezidenti seçilib.

Dragon kosmik gəmisinin hazırlanması və idarəsində Türk mühəndisinin yer alması böyük hadisədir. Falcon 9 raketinin kosmosa buraxılamsı, onun daşıdığı Dragon gəmisinin Beynəlxalq Kosmik Stansiyaya müvəfəqiyyətlə birləşməsi fantastik bir elmi, texnolojik hadisə idi. Və bunda Maskın silahdaşı, bir Türk mühəndisinin önəmli rol oynaması qürurvericidir.
……
Starta bir neçə saniyə qalmış texniki səbəbdən buraxılışı təxirə saldılar. SpaceX gün içində bir də cəhd etməyə qərar verdi. Bu səfər sanki hər şey yaxşı gedirdi. Falkon 1 heç bir nasazlıq göstərmədən effektlə göyə şığıdı. Qalxışı Kaliforniyada iternetdən canlı izləyən SpaceX-in çalışanları sevincdən uçurdular. Amma raketin birinci və ikinci pilləsinin korpusdan aralandığı anda xəta baş verdi. Sonradan aparılan analizlər qəzaya səbəbin pillələrin aralanma prosesində birinci bölümün ikinciyə çarpması ilə mühərrikə zərər verən itmə hərəkəti olduğunu göstərdi.
SpaceX çalışanlarının çoxuna bu qəza faciəyə bərabər idi. Kadr məsələləri üzrə mütəxəssis Dolli Singh yaşadıqlarını belə nəql edir: “Otuz saniyə içində hər şeyin necə dəyişdiyini görmək həqiqətən də çox ağırdı. Belə bərbad bir gün yaşamamışdım. Yaşca böyük adamların ağlaması nadir olur, amma o gün hamı hönkürərək göz yaşı tökürdü. Çox yorulmuş, mənəvi olaraq çökmüşdük”. Mask işçilərinə müraciət edərək, dərhal işlərinin başına qayıtmalarını söylədi. ‹‹O belə dedi: “Baxın, bunu bacaracağıq. Hər şey yoluna girəcək. Əsla qorxmayın”, – Singh belə xatırlayır. – Sanki sehirli sözlər dedi. Hər kəs sakitləşdi, ümidlər ruh düşkünlüyünü üstələdi, biz səfərbər olub, işimizə konsentrasiya olduq››. Arxasınca isə Mask ictimaiyyətə müraciət elədi. O, yaydığı bəyənatda yeni raketin kosmosa buraxılacağı günü gözlədiyini bildirərək, beşincinin də planlaşdırıldığını xəbər verdi. “Biz hətta 6-cı raketin də istehsalına başlayacağıq. Digər tərəfdən, Falkon 9 raketi üçün fəaliyyətimiz durmadan davam edir”.
Üçüncü buraxılışın qəza ilə bitməsinin ağır nəticələri sonra üzə çıxacaqdı. Çünki ikinci pillənin motoru korpusdan plan üzrə ayrılmamışdı və bəzi mühəndislər yanacağın bakda çalxalanmasının təkrarlanmayacağından əmin deyildilər. İkinci startdakı qəzanın səbəbi də məhz elə bunda idi. Bir çox mühəndislər isə problemi həll etdiklərindən rahatdılar və səbrsizliklə dördüncü buraxılışı gözləyirdilər. Ancaq Mask üçün vəziyyət daha ciddi idi və o, belə deyirdi: ” Əgər ikinci buraxılışdakı yanacağın çalxalanması problemi həll olmayıbsa və ya ortaya gözləmədiyimiz başqa bir əngəl çıxacaqsa – məsələn, qalxışla və ya istehsalla bağlı maneə yaransa, – o zaman oyun bitdi”. Beşinci starta SpaceX-in sadəcə olaraq pulu çatmayacaqdı. Mask şirkətə 100 milyon dollar yatırmışdı və Tesladakı problemlərə görə ayıra biləcəyi başqa ehtiyatı yox idi. Amma SpaceX dördüncü startı uğurla həyata keçirsə, bu həm ABŞ hökümətini, həm də özəl investroları inandıracaq, Falkon 9 və digər ambisiyalı layihələrə təkan verəcəkdi.
Üçüncü start ərəfəsində Mask özünü tamamən işə verdi. Raketin havaya buraxılmasında günahı olan hər kəs Maskın qara siyahisinə düşmüşdü. Mask günahkarları rahat buraxmır, onlara əlindən gəldiyi qədər yardım edirdi. Kevin Brogan bunlarla bağlı belə deyir: ‹‹Bir dəfə buraxılışa mən şəxsən cavabdeh idim və gündə iki dəfə Maska hesabat verirdim. İlon hər dəfə eyni şey deyirdi: “Şirkətdə 500 nəfər çalışır. Sənin daha nəyə ehtiyacın var ki?”››. Başqa bir zaman Mask Brogana Londondakı klubun tualetindən zəng edərək, raketin korpusundakı qaynağın necə keçdiyini soruşmuşdu. Bu hadisə güman ki, Rayli ilə yenicə tanış olduğu günlərdə olmuşdu. Bir səfər isə Mask gecənin ortasında zəng edib, pıçıltılı bir səslə mühəndisləri danlayırdı. Yəqin ki, Rayli yanında yatırdı, onu oyandırmamaq üçün belə danışırdı. “Biz hamımız telefonun dinamikinin başına toplaşıb onun pıçıtısını dinləyirdik: “̈Uşaqlar, lənətə gələsiniz, özünüzü toplayın”, – Brogan belə xatırlayırdı.
Dördüncü buraxılışın vaxtı yaxınlaşdıqca gərginlik ən yüksək həddə çatmışdı. Bu səbəbdən işçilər gözlənilməz səhvlər buraxırdılar. Adətən Falkon 1-in korpusu Kvacaleyn adasına su yolu ilə göndərilirdi. Bu səfər isə Mask və texniki işçilər raketin korpusunu dəniz yolu ilə göndərib, çox vaxt itirmək istəmirdilər. Mask korpusu Los Ancelesdən Havay adalarına, oradan da Kvacaleynə göndərmək üçün arendaya hərbi yük təyyarəsi götürdü. Əgər mühəndislər hermetik təyyarədə qalınlığı 3 millimetr olan korpusun başına nələr gələcəyini təxmin etsəydilər hər şey əla olacaqdı. Hərbi təyyarə Havay adalarına enişə keçəndə sərnişinlər yük bölümündən qəribə səslər eşitməyə başladılar. SpaceX-in bort elektronikası üzrə keçmiş vitse-prezidenti Bülent Altan belə xatırlayır: “Mən yük bölümünə endim və korpusun bürüşməyə başladığını gördüm. Pilotdan təyyarəni dərhal yüksəyə qaldırmasını xahiş etdim. Pilot sözlərimə əməl etdi”. Raketin korpusu təyyarədə içi boş plastik su şüşəsi kimi deformasiyaya uğramışdı – havanın təzyiqi plastik şüşənin divarının bürüşməsinə səbəb olur. Altanın təyyarə enənə qədər qərar verməyə cəmi yarım saatı vardı, bir çıxış yolu tapmalı idi. Kiçik bıçaqlarla korpusun büküldüyü termik plyokanı kəsdilər. Daha sonra Altan və yoldaşları daxili və xarici təzyiqi bərabərləşdirmək üçün qaykaları boşaltdılar. Təyyarə endikdən sonra xəbəri rəhbərliyə bildirmək lazımdı.

Los Ancelesdə saat gecə üç idi, top-menegerlərdən biri xəbəri Maska çatdırmalı oldu. Apardıqları hesablamalara görə raketi bərpa etmək üçün üç ay vaxt lazımdı. Raketin korpusu bir neçə yerdə əyilmiş, yanacaq bakının arakəsmələri qırılmış və başqa problemlər də əmələ gəlmişdi. Mask raketi Kvacaleynə çatdırmaq üçün tapşırıq verib, adaya mütəxəssis və ehtiyat hissələr göndərdi. Anqarda iki həftəlik çalışmadan sonra raketin korpusu uçuşa hazır vəziyyətə gəldi. Bülent Altan belə xatırlayır: “Sanki bir tülkü yuvasına düşmüşdük. Buraxıb getmək və yoldaşını pis vəziyyətdə buraxmaq olmazdı. İşi bitirib rahat bir nəfəs aldıq, içimizdə qəribə bir hiss vardı”.
Dördüncü buraxılış 28 sentyabr 2008 tarixində baş tutdu. Bu buraxılış SpaceX üçün sonuncu start ola bilərdi. Şirkətin işçiləri təyin olunmuş tarixə çatmaq üçün son altı həftəni inanılmaz bir stress altında iki növbəli və istirahətsiz qrafiklə çalışdılar. Ortaya professional qürur, xəyallar və ümidlər qoyulmuşdu. SpaceX-də mexanik işləmiş Ceyms Maklori belə deyir: “Zavodda çalışanlar təslim olmamaq üçün hər şey edirdilər”. Əvvəlki səhvlərinə baxmayaraq Kvacaleyndəki mühəndislər buraxılışın uğurla keçəcəyinə inanırdılar. Bəziləri Sakit Okeandakı bu adada insanlıq tarixindəki ən qeyri-adi texniki məsələlərdən birini həll etmək üçün illərini vermişdilər. Evlərindən və yaxınlarından uzaqlarda, görünməmiş istilərə dözərək günlərini kiçicik start meydançasında keçirmiş, yaxşı qidalanmadığı vaxtlarda belə qəza vəziyyətlərini aradan qaldırmaq üçün dəridən-qabıqdan çıxmışdılar. Əgər bu səfərki buraxılışları baş tutsa acılar, əzablar və qorxular keçmişdə qalıb, unudulacaqdılar.
Sentyabrın 28-i axşama tərəf SpaceX komandası Falkon 1-i start vəziyyətinə gətirdi. Raket növbəti dəfə ”başını göylərə dirədi”, bəmbəyaz buludlarla göyüzünün bənzərsiz maviliyində, yellənən palma ağaclarının əhatəsindəki adadakı yerli qəbilənin bir bütü kimi dayanmışdı. SpaceX artıq internet yayımlarının keyfiyyətini yüksəldərək hər buraxılışı bir şouya çevirməyə nail olmuşdu. Şirkətin marketinqdən məsul iki top-meneceri starta 20 dəq qalmış buraxılışın bütün texniki tərəfi haqda məlumat verirdilər. Bu səfər Falkon 1 raketinin yükü yox idi: nə SpaceX, nə də hərbiçilər yükün partlamasını və ya okenda batmasını görmək istəmirdilər. Ona görə də raketə faydalı yükün ekvivalenti (163 kq) yerləşdirildi.
Startın şou qisminin ön plana çıxması şirkətin işçilərini nə narahat edir, nə də həyəcanı azaldırdı. Raketin nərə çəkməsi duyulub, Yerdən uzaqlaşması ilə qızğın nidalar və haraylar yüksəlməyə başladı. Keçilən hər kontrol yüksəkliyi və mühərriklərin ştata uyğun çalışması haqda anons qışqırıq və fit səsləri ilə müşaiyət olunurdu. Birnci pillə aralanıb ikincisi çalışınca işçilər vəcdə gəldilər, internet yayimindan onların gur sevinc nidaları duyuldu. Yayımın aparıcısı emosiyalarını bir sözlə ifadə etdi – “İdeal”. İkinci pillənin mühərriki olan Kestrel qıpqırmızı oluncaya qədər közərdi. Onun 6 dəqiqəlik işçi periodu başlamışdı. ”İkinci pillə öz ştat rejimini bitirəndən sonra mən nəhayət nəfəs ala bildim, bükülmüş dizlərim də açıldı”, – Maklori vəziyyətini belə təsvir etmişdi.
Birinci bölüm uçuşun üçüncü dəqiqəsindən sonra qapaqlarını açaraq Yerə geri uçmuşdu. Nəhayət, doqquzuncu dəqiqədə Falkon 1 orbitinə çıxaraq motorlarını susdurdu. Falkon 1 kosmonavtika tarixində bunu bacaran ilk özəl kosmik aparat idi. Möcüzəni həyata keçirmək üçün altı il və beşyüz insanın fəadakar əməyi lazım olmuşdu. Ancaq bu tarixi hadisə Maskın planladığından 4.5 illik gecikmə ilə baş tutmuşdu.
Startdan bir neçə gün əvvəl Mask gərginliyini üzərindən atmaq üçün uşaqlarını yanına alıb qardaşı Kimballa Disneylendə getmişdi. Buraxılışa yetişmək üçün elə tələsmişdi ki, uçuşun idarə olunma mərkəzinə starta 2 dəqiqə qalmış çatmışdı. ”Buraxılışın uğurlu keçdiyini anladığımızda ağladıq, – Kimbal o dəqiqələri belə xatırlayır. – Bu həyatımdakı ən həyəcanverici an idi”. Mask mərkəzdən çıxıb, zavoda getdi. Onu rok-ulduz kimi atəşli alqışlarla qarşıladılar. ”İnanılmaz dərəcədə gözəldi, – Mask dedi. – Çox adam inanmırdı ki, bizdə alınacaq, həqiqətən də çox adam. Tale bizim üzümüzə dördüncü dəfədə güldü. Dünyada bunu bacara bilən bir ovuc ölkə var. Adətən kosmosla ölkələr məşğul olurlar, şirkətlər deyil. Dəhşətli dərəcədə yorulmuşam, ona görə də sözlər tapmağa çətinlik çəkirəm, ancaq bu gün həyatımın ən yaxşı günlərindən biridir, düşünürəm ki, elə sizdə də elədir. Biz nəyə qadir olduğumuzu hamıya göstərdik. Bu uzun bir yolun ilk addımıdır…Bu axşam bunu qeyd edəcəm”. Sonra Meri Bet Braun onun çiyninə toxunub, oradan çıxartdı. Mask iclasa yetişməli idi.

İbrahim Nebioğlu