KAĞIZ ARSIZDIR, QIZARMIR.. İbrahim Nebioğlu’nun içi bilgi dolu müthiş yazısı

 

Moskvalı bir dostum var, elitar “Snob” jurnalının yazarıdır. Ötən gün “Facebook”da bir karikatura paylaşmışdı. Yaşlı osmanlı türkünün aşağılayıcı bir şəkliydi. Başında fəs, ikiyə bükülmüş zavallı bir ixtiyarı Sultan Abdulhamitə bənzətmişdilər. Karikatura Şarli Ebdo (Charlie Hebdo) stili qədər ağır olmasa da, ovqatım təlx oldu. Dostuma şəklin mənşəyini sordum.

Karikaturanı T. A. Filippovanın “Şərqli Düşmən” (Татьяна Филиппова. «Враг с Востока». Образы и риторика вражды в русской сатирической журналистике начала XX века- М. 2012) kitabından götürdüyünü dedi. ”Şərqli Düşmən” və XX əsrin əvvəlində rus satirik jurnalistikası – bütün bunlar diqqətimi çəkdi. Başqa bir dostumun yardımıyla kitabı ikicə günə Moskvadan gətirtdilər.

Şərqşünas ailəsində doğulmuş Filippova Şərqin sehrli nağılları ilə böyüyüb. İxtisasca rusiyaşünas olsa da, atasının 40 ilə yaxın Yaponiya və Türkiyədə çalışması Şərq ölkələrinə marağını artırıb. Professor da elə məhz yapon və türklərin “düşmən obrazı”nı araşdırıb.

Rus-osmanlı münasibətləri çox zəngindir — 11 müharibə (bunların çoxu türklərin məğlubiyyəti ilə bitib), Konstantinopolisin fəthi ilə rusların isti dənizlərdən məhrum olması, Krımın ilhaqı, Atatürk-Lenin təmasları, “Moskoff” paranoyaları və daha nələr. Son 150-200 ildə qarşılıqlı əlaqələr olduqca intensivdir. Təkcə ötən əsrin əvvəlində Rusiya Anadoluda 30-a (!) yaxın konsulluğunu açmış, bölgədə ciddi iş aparmış, ermənilərdən “maşa” kimi istifadə edib və s.

Rus əfkari-ümumiyyəsində düşmən obrazı hər zaman böyük ustalıqla yaradılıb. Dövlətin ideoloqları və mətbuata nəzarət edənlər kifayət qədər savadlı, səriştəli və seçilmiş insanlar idilər. Onlar bu obrazın yaradılmasına olan “tələbatı” həssaslıqla sezir, müxtəlif təhdidlər fonunda felyeton, karikatura, anekdot və s. formalardan məharətlə istifadə edirdilər. Televiziya və radionun olmadığı zamanlarda yeganə vasitə qəzet və jurnallar idi. Oxumağa meylli rus xalqına bundan təsirli vasitə ola bilərmi?

XIX əsrin sonlarında yaranmağa başlayan rus satirik jurnalistikasının əsas məqsədlərindən biri də “Şərqli Düşmən” obrazını formalaşdırmaq idi. Bu obraz Rusiyanın xarici siyasətində, təbliğat və təşviqatda cahanşümul işlər görəcəkdi. Çar Rusiyasında nəşr edilən “Budilnik” (1865-1917), “Şut” (1879-1914), “Strekoza” (1875-1918), “Satirikon” (1875-1918) kimi jurnallar az qalsın ölkənin taleyini müəyyən edərək, ictimai rəyə təsirilə xalqa yeni-yeni “hədəflər” göstərmişlər.

Jurnalların hamısı Oktyabr çevrilişindən sonra qapadıldılar. Lakin bolşeviklər “inqilabın” arealını genişləndirərək XX əsrin coğrafiyasını idbar bir hala saldılar. Bu yolda bolşevikləşmiş satirik jurnalistika əhəmiyyətli rol oynadı. Bir az dərindən araşdırılsa “Satirikon” və “Budilnik”də çıxan məqalələrin 1920-də Azərbaycanın işğalında ciddi bir rupor olduğu açıqca görülür. Bu çap orqanlarından illərlə qonşu xalqlara qarşı qısqırtmaq üçün istifadə etdilər.

Jurnal və qəzetlərin kağızları bundan heç qızarmadılar…

* * *

Böyük Atatürk bir alman generalı ilə cəbhə xəttini gəzirmiş. Mustafa Kamal Paşanın yavəri alman generalın durbinini alıb düşmən mövqelərinə baxır. Alman durbinindən görüntü o qədər aydındır ki, hər şey sanki ovucun içindədir. Gənc yavər heyrətini gizlədə bilmir, Atatürkə dönərək:“Paşam, hər şey necə də yaxşı seçılır, bununla baxmaq lazımdır”,- deyir.

Tarixi bir cavab verir Atatürk:”Savaş meydanına alman durbini ilə baxa bilərsən, amma dünyaya əsla”…

* * *

Televiziya qarşısında çox az otururam, passiv seyrçiyəm. Evdə bizim kanallardan təkcə AzTV var. Xəbər üçün yox, hərdən sadəcə maraqdan mənə çox doğma olan kanalın “Xəbərlər”inə baxmağım gəlir. “Almaniya batır”, “Almaniya dağılır” kimi süjetləri, analizləri görəndə gözlərimə inanmıram. Azərbaycan dövlətinin, xariciyyəsinin hansısa ölkə ilə anlaşılmazlığı ola bilər, bu normaldır. Lakin dövlətin televiziyası bu qədərmi kustar üsulla aparmalıdır ideoloji mübarizəni? Dövlətin maliyyəsi ilə dövlətin tv-si dövlətin ideoloji xəttini beləmi yürütməlidir?

Filippovanın kitabını oxuduqdan sonra televiziyamızın təbliğat, xəbərçilik anlayışına daha çox üzülür və təəssüf edirəm. Adicə Türkiyənin rus hərbi təyyarəsini vurmasından sonra Rusiya mediasının necə ayağa qalxdığını xatırlayaq. İşi bilmək, professionallıq və ən əsası da işini sevərək yapmaq başqa şeydir. Rus təbliğat maşını “ağır artilleriya” ilə yeri yerindən oynadaraq (nə qədər iyrənc də olsa) məqsədinə çatmış, xalq 2-3 günün içində azğın türk düşməninə çevrilmişdi.

Rusiya hər zaman mediadan daxili, xarici siyasət üçün ustalıqla istifadə edib. Biz isə müqayisə olunmaz dərəcədə geri qalırıq. Atatürkün gənc yavəri kimi dünyaya alman durbini ilə baxıb, onun yıxılacağını anons edirik. Əvvəlcə bir öz durbinimiz olsun…

* * *

Fillipova kitabına rus milli dirçəliş nəzəriyyəsinin müəllifi, görkəmli filosof Vladimir Solovyovun (1853-1900) eyni adlı əsərinin adını qoyub. “Şərq” rus fəlsəfəsində birmənalı yorumlanmır. Şərqin ambivalentliyi, onun “Kserksin yoxsa İsanın Şərqi” dilemması şimal qonşumuzu tarixboyu düşündürmüş, ona qarşı mübarizəyə hazırlaşmışdır. Solovyovun Şərqə münasibəti də ambivalentdir- Bir tərəfdən xalqının şərqdən gələcək yeni basqın və istilalara hazır olmasını yazır, o biri tərəfdən də səhradan əsən quru, atəş kimi əsən yellərə…

Çar Rusiyası düşünən beyinlərinin qədrini bilmiş, onlardan məharətlə istifadə etmişdir. Heç təsadüfi deyil ki, Kremlin indiki ideoloqlarından biri olan Duqin də sıx-sıx slavyanofil Solovyovun əsərlərinə müraciət edir.

“Almaniyanı batıranlar”a isə demək istəyirəm ki, Almaniya əlbət bir gün dağılacaq, ancaq bunun üçün əvvəlcə Dünyanın özünün dağılması lazımdır. Unutmayaq, bu, o Almaniyadır ki, dünyanın 3-cü böyük iqtisadiyyatıdır.

Və ən nəhayət. 57 İslam ölkəsinin Dünya istehsalındakı toplam payı 7 %-dir. Almaniyanın isə təkbaşına payı 9.5 %-dir.

Başqa nəsə deməyə ehtiyac varmı?

* * *

İqtisadiyyatda ingilis maliyyəçi Tomas Qreşemin (Thomas Gresham, 1519-1579) adını daşıyan bir qanun var — “Pis pullar tədavüldən yaxşı pulları çıxarır”. Başqa deyimlə — “Ucuz pul dəyərli pulları sıxışdırır”.

Düşündüm ki, Qreşem qanununu informasiya üçün tətbiq edim. Bizim tv xəbərlərinə baxandan sonra yeni qanunu belə yazdım – “Pis informasiya yaxşı informasiyanı sıradan çıxardır”.

Kağız arsızdır, qızarmır. Bəs ekran?…

nebioglu.i@gmail.com

www.twitter.com/ibrahimnebioglu

Kaynak: ayna.az